MEK-in fonduna həyat sığortası riyaziyyatına dair yeni kitab daxil olub
  
571

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK)  həyat sığortası riyaziyyatına dair ilk kitab daxil olub. Kitab “Həyat sığortasının riyazi-demoqrafik əsasları” adlanır və “Avropa” nəşriyyatında çap olunub. Kitabın müəllifi fizika-riyaziyyat elmləri namizədi Tofiq Rəhim oğlu Məmtiyevdir.
Respublikamızda keçirilən aktuar kurslarda istifadə edilən ədəbiyyatların ingilis və rus dilində olması, həmçinin gələcəkdə respublikamızın ali məktəblərində aktuar riyaziyyat kursunun tədrisinin qurulması elmin bu sahəsinə, o cümlədən həyat sığortası riyaziyyatına dair milli dildə ədəbiyyatların yazılmasını zəruri edib. 

Kitab 10 fəsildən ibarət olmaqla, 528 səhifədir. Kitabda demoqrafiyanın tədqiqat obyekti, predmeti və metodundan, ümumilikdə demoqrafiyanın yaranması və inkişaf mərhələlərindən,  o cümlədən Azərbaycanda demoqrafiyanın yaranması və inkişafından, ömür müddətinin ehtimal xarakteristikalarından, ölüm cədvəlinin qurulması barədə tarixi məlumatlardan, ölüm cədvəlinin qurulması və göstəricilərinin düzləndirilməsi metodlarından, həmçinin şəxslər toplusunda azalma modellərindən bəhs olunub.

Kitabın II-V və VII-X fəsillərində göstərilən mövzular aktuar təhsilin çox yaxşı inkişaf etmiş olduğu ölkələrin(məsələn, Amerika Birləşmiş Ştatları, Kanada, Böyük Britaniya və s.) universitetlərində gələcək aktuarilərin hazırlanması üçün tədris olunan əsas kurslardan birinin - “Life Contingencies” kursunun müvafiq mövzularına təxminən uyğundur. Kitabda həyat sığortasının riyazi-demoqrafik əsaslarına dair nəzəri materialla yanaşı çoxlu sayda misal həlli göstərilmişdir. Oxucuların müstəqil çalışması və öz biliklərini artırması üçün kitabın bəzi fəsillərinin sonunda çalışmalar verilib. Kitabda göstərilən materialı mənimsəmək üçün oxucu riyazi analizin, ehtimal nəzəriyyəsinin və riyazi statistikanın əsaslarını bilməlidir.
Kitabdan ali məktəblərin müəllimləri, magistrləri və bakalavrları, doktorantlar, aktuarilər və demoqraflar istifadə edə bilərlər. Kitab Amerika Aktuarilər Cəmiyyətinin IV səviyyə imtahanına (“Models for Life Contingencies”) hazırlaşmaq istəyənlər üçün də faydalı ola bilər. Belə ki, kitabda göstərilən mövzular və çalışmalar yuxarıda qeyd olunan imtahana hazırlaşmaq üçün beynəlxalq təcrübədə çox geniş istifadə olunan kitablardakı(məsələn, Marcel B. Finan, A reading of the theory contingency models: A preparation for exam MLC.2012.-777 p.) müvafiq mövzulara və çalışmalara təxminən uyğundur.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82