MEK-ə “Məhsulun maya dəyərinin kalkulyasiyası” adlı dərs vəsaiti daxil olub
  
573

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Xatirə Əzizovanın müəllifi olduğu “Məhsulun maya dəyərinin kalkulyasiyası” dərs vəsaiti daxil olub. Kitab  “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Müəllif məhsulun maya dəyəri kalkulyasiyası ilə bağlı olan bütün işlərdə ənənəvi metodlardan fərqli olaraq bazar iqtisadiyyatının tələblərinə uyğun gələn yeni metod və modellərin tətbiqindən yazır. Rəqabətə əsaslanan iqtisadiyyat təsərrüfatın səmərəli idarə olunmasını, informasiya texnologiyaları və bütün yeni mütərəqqi metodların ardıcıl və aktiv surətdə tətbiqini tələb edir. Belə bir şəraitdə mühasibat uçotunun, xüsusi ilə onun son illərdə inkişaf etmiş, dar ixtisaslaşmış bir sahəsi olan “Məhsulun maya dəyərinin kalkulyasiyası” kursunun rolu xeyli artmışdır. Kalkulyasiya maya dəyərinin tərkibini, formalaşmasını, onun müxtəlif əlamətlər üzrə təsnifatını, uçot obyektlərinin, məsuliyyət mərkəzlərinin təyin edilməsi kimi məsələləri də özündə ehtiva edir. 

Dərs vəsaitində iqtisadiyyatın uğurlu inkişafı  üçün zəruri olan məsələlərdən bəhs olunur. Qeyd edilir ki, istehsal prosesində əmək, material və maliyyə resurslarından nə qədər qənaətlə  istifadə edilərsə istehsalın səmərəlilik səviyyəsi də bir o qədər yüksək olacaqdır.

Kitabda kalkulyasiyanın mahiyyəti, nəzəri əsasları, prinsipləri, vəzifələri, hesablanması və kalkulyasiyalaşdırılması üsulları təhlil olunur. 

“Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələr bu mənbədən yararlanarkən təsərrüfatı səmərəli idarə etmək, səhvsiz qərar qəbul etmək və onların inkişaf təmayüllərini qabaqcadan görmək qabiliyyətinə malik olacaqdır. Eyni zamanda iqtisadiyyat sahəsində, biznesdə  çalışanlar da bu vəsaitdən səmərəli şəkildə istifadə edərək uğurlu biznes imkanlarını genişləndirməyə müvəffəq ola bilərlər. 

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82