MEK-in fonduna “Azərbaycan dili və nitq mədəniyyəti” kitabı daxil olub
  
576

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK)  Fərahim Sadıqovun  “Azərbaycan dili və nitq mədəniyyəti” dərs vəsaiti  kitab daxil olub                         

Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor  Qəzənfər Paşayevdir. Dərs vəsaiti Azərbaycanda təhsil alan yerli və xarici tələbələr, həmçinin  gənc mütəxəssislər üçün nəzərdə tutulub.

Ana dilinin inkişafı, danışıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə çap edilən kitabda nitq mədəniyyətinin qayda-qanunlarından bəhs olunur. Sözlər və cümlələr arasında əlaqənin yaradılması, birləşməsi, ümumiləşmiş şəkildə desək, bağlılıq məsələsi araşdırılır. Cümlələr arasıda əlaqə  və bağlılıq mürəkkəb cümlələr və sintaktik bütövlər (mətn) əmələ gətirir.

Düzgün cümlə qurmadan düzgün fikir söyləmək qeyri-mümkündür. Çünki cümlə ünsiyyət yaradır. Dərs vəsaitində ədəbi dil normalarına uyğun cümlə qurmağın yollarından, kommunikativ ünsiyyətdən və məntiqi düşüncənin nitqdə təzahüründən danışılır.

Kitabda danışıq mədəniyyəti haqqında Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsərindən nümunələr göstərilir. Kamil nitq mədəniyyəti üçün tələb olunan məsələlərdən söhbət açılır. Dil haqqında deyilmiş filosofların  müdrik kəlamları  xatırlanır. Qeyd olunur ki, yazıldığı vaxtdan 7 əsr yarım keçsə də, “ Əxlaqi-Nasiri” bu gün də əhəmiyyətini qətiyyən itirməyib. Dönə-dönə vurğulanır ki, əgər kəlmələr aydın, vurğular yerində deyilmirsə , ən məzmunlu və maraqlı  söhbət belə çox vaxt itirir.

Kitabda radio və televiziyada çalışanların bu məsələyə həsas yanaşması tövsiyə olunur. Dilimizin qorunması istiqamətində KİV əməkdaşlarının, xüsusilə efir-ekran işçilərinin üzərinə  böyük məsliyyət düşür.  Bəzi diktorlarların, aparıcıların sürətli oxu tərzinin anlaşıqlı olmamasının, ahəng qanununa cavab verməyən danışıq tərzinin dilə nöqsanlar gətirdiyi  qeyd olunur.  F. Sadıqov yazır: “Bəzi diktorlarımız sanki sürətlə danışmaqda yarışa çıxırlar. Elələri də var ki, mətni və ya elanı əvvəldən axıradək eyni tərzdə, eyni ahəngdə oxuyurlar. Birinci halda fikri hamı anlaya bimir, ikinci halda isə dinləyici və tamaşaçı tez yorulur. Mətni oxumaq və ya danışmaq məharətini hər kəs öyrənə bilər, buna görə də diktorluğa asan peşə kimi baxmaq lazım deyil və hər kəs üzərində müntəzəm və yorulmadan işləməlidir”.

Dərs vəsaitində Azərbaycan dili və nitq mədəniyyətinin mövzusu, məqsədi, vəzifələri, metodları, əhəmiyyəti və inkişaf mərhələlərindən bəhs olunur.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82