MEK-in təşkilati dəstəyi ilə “Konflikt Jurnalistika Məktəbi”nin yekun toplantısı keçirilib
  
577

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Konflikt Jurnalistika Məktəbi”nin yaradılması layihəsi çərçivəsində görülən işlərlə bağlı  yekun toplantı  keçirilib.

MEK-in təşkilati dəstəyi ilə düzənlənən tədbirdə Müdafiə Nazirliyinin məsul şəxsləri, Mətbuat Şurasının üzvləri, BDU-nun Jurnalistika fakültəsinin müəllim və tələbələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə yaradılan “Konflikt Jurnalistika Məktəbi”  ölkəmizdə bir ilkdir. Yekun toplantıda layihə çərçivəsində görülən işlərdən, jurnalistlər üçün keçirilən təlimlərdən söhbət açılıb.

“Dinc Dünya” Araşdırma Mərkəzinin layihəsi olan bu məktəbin ölkəmizdə yaradılması zərurətindən danışılıb, mövzu ilə bağlı diskussiyalar səslənib. Müharibə vəziyyətində yaşadığımız bir dövrdə hərbi jurnalistikanın inkişafı istiqamətdə belə layihələrinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Müzakirələrlə davam edən topantıda bu mövzuda hazırlanmış video nümayiş olunub. Münaqişəli ocaqlarda, qaynar nöqtələrdə çalışan, öz peşəsinin yerinə yetirərkən həyati təhlükə ilə üzləşən jurnalistlərin  fəaliyyətindən bəhs edən videogörüntüdə dünyanın konfliktli ərazilərində cərəyan edən hadisələr lentə alınıb.

Toplantıda qeyd edilib ki, “Konflikt Jurnalistika Məktəbi” tərəfindən bu mövzu ilə bağlı maarifləndirmə xarakterli təlimlər keçirilib və 60-a yaxın jurnalist təlimlərə cəlb edilib. Yekun toplantıda həmin kursları müvəffəqiyyətlə bitirən jurnalistlərə, təlim alanlara diplomlar təqdim olunub.

Tədbirdə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, layihənin rəhbəri Əlisəfa Mehdiyev, polkovnik Vaqif Dərgahlı, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Mətbuat Şurasının üzvü  Azər Həsrət,  "Azer-defence" jurnalının baş redaktoru Rəşad Süleymanov və başqaları “Konflikt Jurnalistika Məktəbi”nin fəaliyyətinə  indiki zamanda ehtiyac duyulduğunu  və   layihənin  hərbi jurnalistikanın inkişafı ilə bağlı önəmli addım olduğunu bildiriblər.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82