MEK-in təşkilati dəstəyi ilə “Təbabətdə yeni texnologiyalar: Kök hüceyrələr, robot cərrahiyyəsi” mövzusunda konfrans keçirilib
  
660

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Təbabətdə yeni texnologiyalar: Kök hüceyrələr, robot cərrahiyyəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

MEK-in təşkilati dəstəyi ilə düzənlənən tədbir Azərbaycan Respublikasının Milli Məclisi, AMEA, Türkiyənin LİV Hospitalı və İstinye Universitetinin birgə səyi nəticəsində baş tutub.

Konfransda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin türkiyəli alimlərin bu sahədə əldə etdikləri bilik və təcrübələri azərbaycanlı həmkarları ilə bölüşmələri olduğunu bildirib. Ə.Əmiraslanov son illərdə texnologiyanın inkişafının təbabətdə böyük uğurların qazanılmasına yol açdığını və kök hüceyrələrinin tibbdə tətbiqinin bunun bariz nümunəsi olduğunu söyləyib.

Alim kök hüceyrələrinin müasir dövrdə müalicə üsulu kimi istifadə edildiyini və tibbin bütün sahələrində - onkologiya, qan xəstəlikləri, qara və ağ ciyər patologiyasında tətbiq olunduğunu vurğulayıb. Ə.Əmiraslanov Azərbaycanlı alimlərin türkiyəli həmkarları ilə birgə bu sahədə tədqiqatlar apardığını və məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə müvafiq təkliflər verdiyini diqqətə çatdırıb.

Akademik Ə.Əmiraslanov robot cərrahiyyəsinin tibbdə istifadəsinə də toxunub. İlk dəfə 2000-ci illərin əvvəllərində bu metoddan istifadə olunduğunu deyən alim ötən il ərzində 3 milyondan çox insanın robot cərrahiyyəsi ilə əməliyyat edildiyini vurğulayıb. O, bu sahədə əldə ediləcək uğurların gələcəkdə bütün cərrahi əməliyyatlarda tətbiq olunacağını və Liv Hospitalının bu istiqamətdə gənc kadrların hazırlanmasında lazımi dəstəyin göstərəcəyini bildirib.

Sonra Liv Hospitalının əməkdaşı, professor Erdal Karaöz çıxış edərək təmsil etdiyi qurumun tarixi barədə məlumat verib. Bildirib ki, hospital 2015-ci ildə təsis olunub və ötən 2 il ərzində bir çox sahələrdə uğurlara imza atıb.

Daha sonra o, "Kök hüceyrələri və onun tibbdə tətbiqi" mövzusunda məruzəsini təqdim edib. Alim kök hüceyrələrinin tətbiqinin tibbin son illərdə əldə etdiyi mühüm nailiyyət olduğunu və Türkiyədə 17 ildir bu sahədə tədqiqatların aparıldığını bildirib. E.Karaöz funksiyasını normal yerinə yetirməyən və ya ölən hüceyrələrin kənardan orqanizmə yeridilən yeni hüceyrələr vasitəsilə xəstəliyi müalicə etdiyini söyləyib.

Məruzəçi kök hüceyrələrinin ana bətnindəki embrional və yetkin kök hüceyrəsindən əldə edildiyini bildirib. O, heyvanlar üzərində də təcrübələrin aparıldığını və klonlaşdırma metodu ilə kök hüceyrələrinin əldə olunduğunu söyləyib. Professor bu gün xərçəng, orqan çatışmazlığı, Parkinson, onurğa zədələri, sinir zədələnmələri, iflic, böyrək və digər xəstəliklərin müalicəsində kök hüceyrələrdən istifadə edildiyini diqqətə çatdırıb.

O, Azərbaycanda bu sahədə mərkəzin qurulması üçün lazımi dəstək göstərəcəklərini bildirib.

Konfrans öz işini daha sonra AMEA-nın müxbir üzvü Nuru Bayramov və Erdal Karaözün rəhbərliyi ilə plenar iclaslarla davam etdirib. Plenar iclaslarda AMEA-nın Fiziologiya İnstitutunun əməkdaşı, professor Əhməd Hacıyevin "Neyrodegenerativ xəstəliklərdə kök hüceyrələrin rolu", Azərbaycan Tibb Universitetinin (ATU) professorları - AMEA-nın müxbir üzvü Nuru Bayramov və Aynur Səfiyevanın "Kolorektal poliplərdə kök hüceyrələrin diaqnostik və proqnostik rolu", ATU-nun əməkdaşı, professor Kamran Musayevin "Ürəyin işemik xəstəliklərində kök hüceyrələnin tətbiqi", Liv Hospitalının əməkdaşı, professor Fatih Ağaların "Da Vinci. Minimal invaziv cərrahiyyə. Döş qəfəsi cərrahiyyəsi", professor Gürsəl Turqutun "Estetik cərrahiyyədə ağıllı yaşlanma və genomik tibb ilə gənc qalmanın yolları" və digər mövzularda məruzələri dinlənilib.

Sonda müzakirə edilən məsələlərlə bağlı geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82

 

FirstPrev12NextLast