MEK “Azərbaycanın elm və mədəniyyət xadimləri” silsiləsindən professor Akif Musayevin biobiblioqrafik göstəricisini hazırlayıb
  
667

AMEA-nın müxbir üzvü, iqtisadiyyat üzrə elmlər doktoru, professor, 50 il iqtisadiyyat sahəsində yorulmadan çalışmış Akif Fərhad oğlu Musayev məhsuldar tədqiqatçı alim və pedaqoq kimi Azərbaycanda vergi sahəsində elmi məktəbin əsasını qoymuşdur. Onun elmi fəaliyyəti Azərbaycanın vergi sisteminin elmi əsaslarının işlənib hazırlanması, tədrisi, onun dünya təcrübəsinə uyğunlaşdırılması sahəsində çevik maliyyə və vergi siyasətinə əsaslanan iqtisadiyyatın idarəolunan ekoloji modelinin yaradılmasına və bu problemlərin həllində iqtisadi-riyazi üsul və modellərin tətbiqinə həsr olunub.
A.Musayevin həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici 1967-2017-ci illəri əhatə edir. Göstəricidə “Akif Fərhad oğlu Musayevin həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin əsas tarixləri” və “Akif Fərhad oğlu Musayevin həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti haqqında qısa oçerk” bölmələri öz əksini tapmışdır.
AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanmış, AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunmuş biobiblioqrafik göstəricinin tərtibçisi MEK-in Biblioqrafik sorğu bölməsinin əməkdaşı Afət Məmmədova, redaktoru isə Kəmalə Məmmədovadır. 
Biobiblioqrafik göstəricidə materiallar xronoloji ardıcıllıqla və illər daxilində əlifba sırası üzrə qruplaşdırılıb.
Göstərici iqtisadi elmlər sahəsində çalışan alim və mütəxəssislər, ali və orta ixtisas məktəblərinin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82