MEK-də “Azərbaycanın elm və mədəniyyət xadimləri” silsiləsindən professor İlyas Babayevin biobiblioqrafik göstəricisi tərtib olunub
  
704

Azərbaycanın görkəmli elm xadimi, AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professor İlyas Atabala oğlu Babayevin şəxsi biblioqrafik göstəricisində alimin  həyat və fəaliyyətinin bütün sahələri əks olunub. Kitabda İ. Babayevin əsərləri, redaktə etdiyi  və rəy verdiyi əsərlər, iştirak etdiyi beynəlxalq, regional və respublika səviyyəli konfranslar, elmi rəhbəri olduğu dissertantlar, həmçinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar və s. haqqında məlumatlar verilib.

İlyas Babayev Qafqaz və İranın antik dövr arxeologiyası üzrə dünyada tanınmış mütəxəssislərdən biridir.  Arxeoloq alim  yarım əsrdən artıqdır ki, qədim yurd yerimiz olan Qəbələnin antik dövrünün arxeoloji qazıntıları ilə məşğul olur. 1959-cu ildən 1991-ci ilə qədər Qəbələ Arxeoloji Ekspedisiyasının təşkilatçılarından və iştirakçılarından biri olub. Uzun fasilədən sonra, 2005-ci ildən bu ekspedisiya İ. Babayevin rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. 2009-cu ildən ekspedisiyanın qazıntı işlərində Cənubi Koreyanın böyük bir qrup arxeoloqu da iştirak edir.

İ. Babayev 2006-cı ildən fəaliyyətə başlayan   Beynəlxalq Azərbaycan-Almaniya Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyasının  da təşkilatçısı və rəhbəridir.  O “Qafqaz Albaniyasının irsinin tədqiqi, mühafizəsi və tətbiqinə dair Dövlət Proqramı”nın  (2013-2016-cı illər) iştirakçısıdır.

Alim 270-dən artıq elmi əsərin müəllifidir. İlyas müəllim dünyanın müxtəlif şəhərlərində (Moskva, Kiyev, Afina, Ankara, Budapeşt, Seul, Roma, Tbilisi, Mahaçqala) keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda maraqlı məruzələrlə çıxış edib.

Professor İ. Babayev həm də elmi-pedaqoji  fəaliyyətlə məşğul olub. Belə ki, alim Azərbaycan Universitetində “tarix və ictimai fənnlər” kafedrasının müdiri və həmin ali təhsil müəssisəsinin professoru olub.  

Tanınmış tarixçi-arxeoloq İ. Babayev bir sıra elmi jurnalların Redaksiya Heyətinin üzvü, yerli və beynəlxalq elmi təşkilatların qrantlar üzrə qiymətləndirmə komissiyasının eksperti olub. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında tarix ixtisası üzrə ekspert və Ekspert Şurasının sədri vəzifəsində çalışıb. Hazırda AMEA-nın  Arxeologiya və Etnoqrafiya institutunda  “Dissertasiyaların müdafiə şurası”nın üzvüdür.

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanmış, AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunmuş İlyas atabala oğlu Babayev haqqında biobiblioqrafik göstəricinin tərtibçisi Təranə  Rüstəmova, redaktoru isə Kəmalə Məmmədovadır. Biobiblioqrafik göstəricidə materiallar xronoloji ardıcıllıqla və illər daxilində əlifba sırası üzrə qruplaşdırılıb.

Şəxsi biblioqrafik göstərici  1965-2016-cı illəri əhatə edir. Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq  məqsədi ilə kitabın sonunda soraq-axtarış aparatı verilib.

Göstərici humanitar sahədə çalışan mütəxəssislər, arxeoloq və etnoqraflar, doktorant, dissertant və tələbələr, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82