"Mərkəzi Elmi Kitabxana və Belarus Milli Kitabxanası arasında əlaqələr genişlənir" - Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova
  
72

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları - Ümumi işlər üzrə direktor müavini Fuad Aslanov, Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova, Rəqəmsallaşdırma bölməsinin rəhbəri Elmar Quliyev və Milli Rəqəmsal Yaddaş şöbəsinin baş mütəxəssisi Günel Əhədova 6-13 noyabr tarixlərində Minsk şəhərində, Belarus Milli Kitabxanasında ezamiyyətdə olmuşlar.

Müsahibimiz MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova səfərin məqsədi, əldə olunan nəticələr və ikitərəfli əməkdaşlıq barədə mek.az saytının suallarını cavablandırdı:

- Belarus Milli Kitabxanasına səfərin məqsədi nədən ibarətdir? 

- 6-13 noyabr 2016-cı il tarixdə AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları - Ümumi işlər üzrə direktor müavini Fuad Aslanov, Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova, Rəqəmsallaşdırma bölməsinin rəhbəri Elmar Quliyev və Milli Rəqəmsal Yaddaş şöbəsinin baş mütəxəssisi Günel Əhədova Belarus Milli Kitabxanasında ezamiyyətdə  oldular. Səfərin əsas məqsədi müasir kitabxana-informasiya sahəsində təcrübə qazanmaq, rəqəmsallaşdırma, rəqəmsal mühafizə, kitabxanada mühafizə olunan sənədlərin fiziki, texniki bərpası və digər sahələrdə müasir kitabxana təcrübəsini öyrənmək, kitabxana-xidmət sahələrinin təhlükəsizlik sistemini mənimsəmək idi. MEK əməkdaşlarına Belarus Milli Kitabxanasının (BMK) Elmi işlər üzrə direktor müavini Lyudmila Kiruxina təmsil etdiyi qurumun gördüyü işləri haqqında məlumat vermiş, kitabxanaya ekskursiya təşkil etmişdir. Görüşün sonunda belarusiyalı həmkarlara MEK adından Azərbaycanın tarixi və mədəniyyətinə dair kitablar hədiyyə edilmişdir. Səfər zamanı BMK-ın İnformasiya Mərkəzinin müdiri Alla Şeremetova, Biblioqrafik-İnformasiya Texnologiyaları şöbəsinin müdiri  Janna Risieva və kitabxananın aparıcı mütəxəssisləri azərbaycanlı həmkarlarını şöbə və bölmələrin iş fəaliyyəti ilə yaxından tanış etmişlər.

- Səfərdə hansı nəticələr əldə etdiniz?

- Yeni informasiya texnologiyaları və onların işlənmə texnikası ilə tanış olduq. Proqram sahəsində isə MARC formatını dəstəkləyən ABİS proqramının bütün bölmələrdə işləməsi prosesi ilə tanışlıq oldu, MARC formatı haqqında məlumatlar əldə etdik. Restavrasiya bölməsində iş prosesi ilə tanışlıq oldu (restavrasiya üçün istifadə olunan  texnika, restavrasiya üçün lazım olan məhlullar haqqında məlumatın əldə edilməsi, laboratoriyada aparılan iş prosesi), kitabda olan göbələklərin və digər ziyanlı həşəratların kimyəvi yolla müəyyən edilməsi və zərərsizləşdirilməsi prosesini izlədik. MEK-in Milli Rəqəmsal Yaddaş bazası üçün Belarus Böyük Vətən Müharibəsi Muzeyində Azərbaycanla bağlı faydalı məlumatlar əldə etdik.

- Belarus Milli Kitabxanasında kitabxanaçılıq sahəsində diqqətinizi çəkən əsas məqamlar nədən ibarət oldu?

- Məlumat bölməsinin olması - yəni kitabxanaya gələn oxucunun hansı profildə axtarış aparmasına yardım göstərilməsi. Nadir kitab fondunda kitabın komplektləşdirilməsi, kataloqlaşdırılması prosesinin bütövlükdə fondun öz əməkdaşları tərərfindən həyata keçirilməsi. Kitabxananın xüsusi idarəsi tərəfindən məcburi nüsxələrin rahat bir şəkildə əldə edilməsi.

- BMK-da əldə etdiklərinizi Mərkəzi Elmi Kitabxanada tətbiq etməyi planlaşdırırsınızmı?

- Bəli, planlaşdırılır. Kitabxanamızda gələcəkdə tele-liftin qurulması, əlillər üçün bütün növ şəraitin yaradılması, kitabxana proseslərinin bütünlüklə avtomatlaşdırılması, kitabxanamızda işlənilən proqramda MARC formatının dəstəklənməsini həyata keçirmək və bərpa-restavrasiya mərkəzinin yaradılması nəzərdə tutulur. 

- Belarus Milli Kitabxanası ilə MEK arasında əməkdaşlıq hansı səviyyədədir və bu görüş gələcək əlaqələrə necə təsir edəcək?

- Kitabxanalar arasında əməkdaşlıq xarici mübadilə vasitəsilə uzun illərdir aparılır. Bu görüş zamanı BMK-dən əldə etmək istədiyimiz kitabların siyahısı da onlara təqdim edildi və kitabların göndərilməsi ilə bağlı razılıq əldə olundu. Gələcəkdə əməkdaşların təcrübə məqsədilə BMK-ya işləməyə göndərilməsi, BMK-nın nəşr etdiyi jurnalda MEK əməkdaşlarının məqalələrin çap edilməsi qərarlaşdırıldı.

Qönçə Cəlilova- Fondların formalaşdırılması bölməsinin əməkdaşı