"Kitabxana bizi maqnit kimi çəkdi.." - Şərq ədəbiyyat fondunun rəhbəri Aida xanım Hüseynova
  
210

 

Növbəti  həmsöhbətimiz sadəlik, gözəllik, mehribanlıq və bir sıra insani keyfiyyətləri özündə cəmləyən Şərq ədəbiyyat fondunun rəhbəri Aida xanım Hüseynovadır. Suallarımı tərtib edərkən, bu detalları düşüncəmdə birləşdirib yola çıxdım.

- Hər qışın ürəyində titrəyən bir bahar var, hər gecənin arxasında isə təbəssümlə gözləyən şəfəq var - Xəlil Cübranın bu misrası ümid və səbir dolu sözləri özündə əks etdirir. Bu ifadə həyatımızın hansı məqamında özünü daha da qabarıq şəkildə göstərir?

 

-Mən deyərdim ki, 65 illik ömrümün yarı  hissəsi səbirlə keçib. Həmişə səbirə inanmışam. Səbirli olun, çətinlik müvəqqətidir, ifadəsi həyatın girdabında özümü tapmağa kömək olub.

 

- Aida xanım, nə zaman ailə həyatı qurmusunuz və cənnətin qoxusunu duyuran neçə övlada sahibsiniz?

 

- 1974-cü ildə 23 yaşında ailə həyatı qurmuşam, 3 övlada  və üç nəvəyə sahibəm.

 

- Bildiyim qədəri  ilə müəyyən müddət  Şərq ölkələrində yaşama şansına sahib olmusunuz və digər mənbəyə görə Qərb musiqisinin vurğunusunuz. Həyat yolunuzda belə bir qəribə tendensiya var: Şərq Qərb. Bu ölkələrin mədəniyyətini  özünüzdə necə harmonizə edib və vəhdət halına gətirirsiniz?

 

- Gözəl sualdır. 16 ildən yuxarı Şərq ölkələrində yaşamışam. Hərbi  tərcüməçi  göndərilən həyat yoldaşım ilə birlikdə 1974-78-ci illərdə  Bağdad şəhərində, 1982-86-cı illərdə Liviya şəhərində yaşamışam.  Şərq-Qərb doğrudan da vəhdət təşkil edir. Mən deyərdim ki, Qərb ən gözəl  adət- ənənələrini elə Şərqdən götürüb, tarix də  bu faktı təsdiqləyir. Elə Qərb musiqisi tapılmaz ki, orada Şərqin elementləri, incəlikləri, melodiyası duyulmasın. İnsan gərək musiqini dərk edə bilsin. Mən hər iki mədəniyyəti sevirəm, bəlkə də buna görə o gözəlliyi özümdə yaşada bilirəm.

                       

- Məlum olduğu kimi, Şərq ölkələri dünyaya səs salan mədəniyyətə sahibdir və mədəniyyətin  beşiyi sayılır. O cümlədən, Azərbaycan da qoca Şərqin mədəniyyət beşiyidir. Mədəniyyətimiz ilə Şərq ölkələrinin mədəniyyətinin oxşar və fərqli cəhətlərini qısa şəkildə analiz edərsinizmi? Məqsəd - mən daxil olmaqla orda olmayan oxucularımızda həm təəssürat oyadılması,həm də öyrənmə xarekteri daşımasıdır.

 

- Oxşar cəhətlər - böyüyə hörmət, etik qaydalardır.  Yəni böyük daxil olanda hər kəsin ona ehtiram etməsidir. Əlbəttə ki, nə qədər Şərq ölkəsi olsaq da süfrə, adət-ənənə, geyim və digər mədəniyyətdə fərqlilik vardır. Yəqin ki, bu da ölkəmizin coğrafi olaraq Şərqlə Qərbin kəsişməsində yerləşməsindən irəli gəlir. Təbii ki, müəyyən qədər fərqli və oxşar xüsusiyyətlər özünü göstərir.

 

- İşgüzar xanım kimi, nə zaman iş dünyasına daxil oldunuz?

 

- 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq  fakültəsinin türk filologiyası bölməsinə daxil olmuşam. 1973-74-cü illərdə Dövlət Radio və Televiziya Komitəsinin Türk redaksiyasında  redaktor kimi  ilk əmək fəaliyyətinə, 1980 - ci ildən Azərbaycan Elmlər Akademiyasının Elmi Kitabxanasında Şərq ədəbiyyatı fondunda kitabxanaçı  kimi başlamışam. Kitabxana bizi maqnit kimi çəkdi.  Kitab bir mərxəzdir,  kitabxanalar  ötən əsrdə yaşamış alimlərin yazdıqlarını, fikirlərini bizə öyrədir. 1994-cü ildən 2015-ci ilə qədər  Şərq ədəbiyyatı  şöbəsinin müdiri vəzifəsində çalışmışam.

 

- Bir ölkədə oxumağa qarşı istək artmadıqca qəflət və bu qəflətdən doğacaq fəlakətlər azalmaz.Bu sözlərdən buram-buram “elm öyrənin” qoxusu duyulur, bir növ elmə çağırışdır, elmsiz ölkənin fəlakətə doğru yol aldığını göstərir. Elm ocağında çalışdığımızdan bizim üzərimizə daha böyük yük düşür. Dünya kitabxanalarının yeniliklərinə əsaslanaraq, biz də öz növbəmizdə innovativ qaydalar tətbiq edir, alim və təqdiqatçılarımızın dünya elmindən bəhrələnməsi üçün müəyyən səpkidə işlər görürük.. Bir azərbaycanlı olaraq, bizim əsas amalımız Azərbaycan elm və mədəniyyətini dünyaya çatdırmaq və eləcə də ölkə elmini inkişaf etdirməkdir. Siz də Şərq ölkələrinin mədəniyyətini oxuculara çatdırırsınız. Sizin bu yolda təklif və məsləhətləriniz nə olardı?

 

- Bilirsiniz, uzun illər Şərq ölkələri ilə əlaqələr qurmuşuq. Şərq dillərində ədəbiyyatın komplektləşdirilməsi, işlənməsi, sistemləşdirilməsi müvəffəqiyətlə həyata keçirilmişdir. Dünyanın  10-na yaxın dövləti, 25 təşkilatı ilə mübadilə və informasiya əlaqələri yaratmışam. Misirin Darül Kitabın, Ərəbistanın Kral kitabxanası, Türkiyənin milli və universitet kitabxanaları, İranın redaksiyaları  və s. buna bariz misaldır. O cümlədən, Bakıda fəaliyyət göstərən səfirlikləri ilə əlaqələr qurmuş, ədəbiyyat mübadiləsi üçün mühüm addımlar atılmışdır. Tövsiyəm bu olardı ki, sözügedən əməkdaşlıqlar daha da geniş şəkildə davam etdirilsin. Nəticədə əldə olunan dəyərli elmi kitablar fondumuzu zənginləşdirməklə yanaşı, oxucularımızın sayının artmasına və Azərbaycan elminin yüksəlişinə xidmət edəcəkdir.

 

- Sizin üçün uğur düsturunun elemetləri nədir?

 

- Uğur qazanmaq mən deyərdim ki, qadın üçün  onun ailəsinin əmin- amanlığıdır və ailənin qadına, anaya olan hörmətidir, ata, ana özünü nə vaxt xoşbəxt hiss edə bilər? Əlbəttə ki, uşaqları xoşbəxt olanda.  İş həyatında da bir çox uğurlarım olub. 22 ildən  artiqdır ki, məqalə müəllifiyəm və kitabxananın cari nəşr olunan biblioqrafik göstərici və bülletenlərinin tərtibçi və redaktoru olmuşam. Bununla yanaşı, ABŞ Biblioqrafiya İnstitutunun nəşr etdiyi “2002-ci ilin qadını” nüfuzlu nominasiyasında “Kim kimdir? adlı məşhur başlıq siyahısına adım daxil edilmişdir.

 

Təşəkkür edirəm və Sizə ailə və iş həyatında uğurlar arzulayıram.

İctimaiyyətlə əlaqələr bölməsi

(012) 537 19 82

pr.mek.az@gmail.com