Tikinti sənayesinin müasir texnologiyasına həsr olunan kitab MEK-ə daxil olub
  
135

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Xüsusi təyinatlı bina və qurğuların inşasının texnologiyası və təşkili” adlı dərslik daxil olub.

 

“Azərbaycan” nəşriyyatında yenicə çapdan çıxan kitabın müəllifi professor Muğan Salahovdur. Kitabda tikinti sənayesinin müasir texnologiyası və təşkili məsələləri ətraflı şərh olunur, respublikamızda və xarici ölkələrdə mürəkkəb  mühəndis qurğularının, yüksək gərginlikli elektrik xətləri üçün qurulan dirəklərin, radio və televziya qüllələrinin, bayraq dirəklərinin, eləcə də böyük aşırımlı monolit dəmir beton binaların inşa üsulları araşdırılır. Dərs vəsaiti əsasən sənaye və mülki tikinti ixtisası üzrə magistr pilləsində inşaatçı mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulub. Nəşr həmçinin, müasir bina və qurğuların inşası ilə məşğul olan firmaların, layihə təşkilatlarının mühəndis-texniki işçiləri üçün də faydalı ola bilər.

Müəllif 50 illik elmi-pedoqoji fəaliyyətinin və yüksək mərtəbəli bina və qurğuların inşa zamanı dayanıqlığının təmin edilməsi ilə bağlı apardığı uzunmüddətli elmi tədqiqat işlərinin nəticəsi kimi yeni texnologiyaların inşaata tətbiqini nəzərə alaraq belə bir dərsliyi tələbələrə təqdim edir. 13 fəsildən ibarət olan kitabda müasir tikintinin təşkili və planlaşdırılması zamanı həlli vacib olan ən mühüm məsələlərdən bəhs olunur.

 

Dərsliyin 9-cu fəslində Azərbaycanda son dövrlər inşa olunan dünyanın ən yaxşı memarlıq nümunələrindən Heydər Əliyev Mərkəzi, Üç Alov Qüllələri Kompleksi, Bakı Konqres Mərkəzi, Bakı Olimpiya stadionu və Bakı Cristal Hall idman-konsert kompleksinin inşa üsullarından geniş danışılır. Həmin fəsildə müxtəlif ölkələrdə inşa olunan televiziya və radio qüllələri haqqında da məlumat verilib.




İctimaiyyətlə əlaqələr bölməsi

(012) 537 19 82

info@mek.az