Nihat Vəlizadə: “Vikipedianın Azərbaycan bölməsində inkişaf var. Lakin yenə də gərgin çalışmaq lazımdır”
  
143

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) bölmə rəhbəri Nihat Vəlizadə ölkəmizi Kanadanın  Monreal şəhərində 9-13 avqust tarixlərində keçirilən “Vikimaniya-2017” adlı beynəlxalq tədbirdə təmsil edib. Tədbirlə bağlı Nihat Vəlizadənin MEK-in library.csl.az saytına verdiyi müsahibəni təqdim edirik...


- “Vikimaniya-2017” beynəlxalq tədbir haqqında ətraflı məlumat verərdiniz...

- Hər il vikipediyaçıların toplantısı olur. Bu ilki toplantı XIII beynəlxalq tədbir idi. Tədbir avqust ayında Kanadanın Kvebek əyalətində yerləşən Monreal şəhərində “Vikimaniya-2017” adı altında keçirildi. Azərbaycanda vikipediyanı təmsil edən şəxs kimi bu mötəbər tədbirdə yalnız mən iştirak edirdim.

- Azərbaycandan hər il toplantıya qatılanlar olurmu?

- Bu tədbir 2006-cı ildən müntəzəm şəkildə keçirilir. Əsasən yay aylarında, iyul-avqust aylarında təşkil olunur. Daha öncə Meksikada, ABŞ-da, Honkokda keçirilən tədbirlərdə ölkəmizdən ən çoxu iki nümayəndə iştirak edib. Ancaq keçən il İtaliyada keçirilən tədbirdə iştirak edən olmayıb.

- Tədbirdən hansı təəssüratlarla qayıtmısınız?

- Tədbir əsasən “Şereton” oteldə keçirildi. Otelin üç mərtəbəsi, konfrans zalları sırf  tədbir üçün ayrılmışdı. Yəni bir otaqla məhdudlaşmırdı. Açılış və bağlanış mərasimləri istisna olmaqla eyni anda yeddi-səkkiz yerdə müzakirələr gedirdi. Əsasən vikipediyaçıların bir-birini tanıması, gələcək perspektivlərlə bağlı müzakirələr, mövcud problemlərin həlli, bəzi ölkələrdə vikipediya ilə bağlı çətinliklərin aradan qaldırılması, yeni layihələrin icrası kimi çox geniş spektrli  məsələləri müzakirə etdik. Mən də ilk dəfə iştirak etdiyimdən daha çox əlaqələr qurmaqla məşğul oldum. Dörd gün davam edən tədbir zamanı müxtəlif ölkələrdən, xüsusilə İspaniyanın Katalan və Kastiliya vilayətindən, türk ölkələrindən, o cümlədən Rusiyanın Başqırdıstan, Tatarıstan respublikalarından, İrandan olan 60-a yaxın vikipediyaçılarla ayrı-ayrılıqda görüşdüm, əməkdaşlıq perspektivlərini danışdım.

Vikimedia Fondunun rəhbərlərindən biri, icraçı direktor Katherine Maher ilə görüşüm oldu. Ona Azərbaycanda vikipediyanın vəziyyəti ilə bağlı gördüyüm işləri, keçirilən tədbirləri, xüsusən də AMEA Mərkəzi Elmi Kitabxanası haqqında, burada oxucular üçün yaradılan şəraitlə bağlı məlumatlar verdim. Daha sonra vikipediyanın yaradıcısı Cimmi Ueylslə görüşümüz oldu. O, indi vikipediya sahəsindən inzibatı işlərdən bir az uzaqlaşıb, ancaq yenə də bütün tədbirlərə dəvət olunur, bir yaradıcı kimi həmişə ən yüksək səviyyədə qarşılanır.

-Məlumata görə tədbirin ən maraqlı anı Qax rayonunun İlisu kəndi ilə Monreal arasında yaradılan videobağlantı olub. Bu barədə nə deyə bilərsiniz?

-Bizə məlumat verildi ki, tədbirlə eyni vaxtda dünyaının 30 ölkəsində müxtəlif lokal yığıncaqlar keçirilir. Yəni bura Afrika, Latın Amerikası, Asiya, Avropa, Avstraliya və Okeaniya bölgəsi də daxildir. 30 ölkədən biri də Azərbaycanın Qax rayonundakı İlisu kəndində azərbaycanlı vikipediyaçılar tərəfindən təşkil olunan üç günlük yay düşərgəsi idi. Fəal vikipediyaçıların bir-birini daha yaxından tanıması və bir yerdə vaxt keçirməsi, yəni eynən vikimaniyanın Azərbaycanda təşkil olunan kiçik bir forması kimi görüş oldu. Fondun əməkdaşlarına bu barədə məlumat verdim, onlar müsbət qarşıladılar və Skype vasitəsi ilə bir videobağlantı yaratdıq. Həmin videobağlantıda Türkiyədən, Başqırdıstandan, Tatarıstandan olan vikipediyaçılar da fəal iştirak etdi. Monrealla Qax arasında olan 8 min 800 kilometrlik məsafəni sıfıra endirdik.

- Tədbirdə təxminən neçə nəfər iştirak edirdi?

- 600 yaxın şəxs iştriak edirdi. 300-ə yaxın nümayəndə fond tərəfindən verilən təqaüd hesabına gəlmişdi ki, yol xərci və tədbir müddətində otel xərclərinin ödənilməsi nəzərdə tutulmuşdu. Kanadaya yaxın bölgələrdən, ABŞ-ın bəzi ştatlarından 50-yə yaxın insan öz vəsaiti hesabına gəlmişdi. Meksikadan, bəzi Latın Amerikası ölkələrindən də gələnlər vardı. Ümumi bildirdilər ki, 650-yə yaxın insan tədbirlə bağlı qeydiyyatdan keçib.

- Deməli möhtəşəm bir görüş olub...

- Çox möhtəşəm görüş və böyük bir təcrübə idi. Vikimaniya hər il get-gedə daha da möhtəşəm keçirilir. Təcrübələr artdıqca, yeni-yeni məsələlər ortaya çıxdıqca görüşlər daha maraqlı alınır. Növbəti görüşün gələn ilin iyun ayında Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilməsi planlaşdırılır. Yəqin ki, ora Azərbaycandan bir neçə nəfər gedəcək. Bu tədbirə Rusiyadan 10, İspaniyadan 20, Almaniyadan 10-a yaxın nümayəndə heyəti gəlmişdi və eyni anda bir neçə yerdə keçirilən konfranslarda hərsiənin bir nümayəndəsi iştirak edirdi. Ona görə də onlar daha dolğun təəssüratla qayıdıblar. Tək olanda həm vikipediya ilə məlumatları oradakı icmaya çatdırmaq, həm yeni tərəfdaşlıqlar və əməkdaşlıqlar qurmaq, həm də yenilikləri izləmək çox çətin olur. Vaxt da məhduddur. Amma yenə də əlimizdən gələni etdik. Növbəti tədbirdə heç olmasa Ukrayna kimi ən azı 5 nümayəndə ilə iştirak etsək görüşlər daha səmərəli alınar.

- Siz bu sahədə nə vaxtdan çalışırsınız?

- 7 ilə yaxındır vikipediyada fəaliyyət göstərirəm.

- Azərbaycanda vikipediyanın vəziyyəti ilə 7 ildəki vəziyyət necə dəyərləndirirsiniz?

- Vikipediyada fəaliyyət göstərməyə başlayanda hələ orta məktəbdə oxuyurdum. Onda 24-25 min məqalə var idi. Bu gün isə 124 minə yaxındır. O vaxtlar müntəzəm şəkildə gündəlik məqalə yaradan istifadəçilərin sayı 10 nəfər idisə, hamı bir-birini tanıyırdısa bu gün bu say 200-300-ə yaxın artıb və kifayət qədər istifadəçi var ki, biz onları tanımırıq. Son dəyişikliklər olaraq adlandırdığımız daim yenilənən bölməni də izləməkdə çətinlik çəkirik. Çünki intensivlik artıb, fəaliyyət çoxalıb. Vikipediya Azərbaycanda hər zaman məşhur olub. İnsanlar “google”, “yahoo”da özləri üçün lazım olan materilları axtararkən çox vaxt vikipediyanın nəticələri çıxır. Daha çox rus, ingilis, türk dilində məqalələrlə rastlaşırdıq. Azərbaycan dilində məlumat yox idi. Hazırda həm vikimedia fondunun sistemində olan bəzi statistik göstəricilərə görə, həm də elə rastlaşdığımız faktlara əsasən deyə bilərik ki, insanlar əvvəllər 10 məlumatdan 9-u başqa dillərdə, birini isə Azərbaycan vikipediyasından oxuyurdusa, bu gün o məlumatın ən azı beşini azərbaycanca oxuyurlar. Yəni vikipedianın Azərbaycan bölməsində inkişaf var. Lakin yenə də gərgin çalışmaq lazımdır. Qlobal vikipediyalar daha da genişlənir, ona görə daha çox işləməliyik ki, vikipediyamız zənginləşsin. Üç il əvvəl prioritet olan bir məsələ indi o qədər də aktual hesab edilmir. Daim yeniliklər, təzə mövzular yaranır. Biz də bacardığımız qədər mükəmməlləşdirməyə çalışırıq.

- Doğurdan da ötən hər il vikipediaya maraq və diqqət daha da artır. İnformasiyanın emalına və idxalına geniş ehtiyac hiss olunur...

- Vikipediya dünyada ən çox müraciət olunan sayca 6-cı saytdır. Vikipediyanın o saytlardan ən böyük fərqi ondadır ki, qeyri-kommersiya saytıdır. İanələrin və azad fondların hesabına öz maliyyəsini təmin edir. Alınan maliyyə də sırf sistemin saxlanılmasına sərf olunur. Hazırda 45-46 milyona yaxın məqalə var və gündəlik 300-400 min məqalə də daxil olur. Bu da kifayət qədər böyük bir göstəricidir. Bəzi saytlar müəyyən problemlərlə, bazar itkisi ilə qarşılaşırlar, yaxud yeniləri çıxanda digərləri artıq qüvvədən düşür. Vikipediyanın alternativi olmadığından, yarandığı gündən, 2001-ci ildən ingiliscə bölməsi, 2004-cü il oktyabrın 15-də isə azərbaycanca bölməsi açılıb, yəni daima artan xəttlə, dinamika ilə hərəkət edib.

- Demək olarmı ki, tələbat olduğundan həmişə müraciət olunur?

- Bəli. İnsanların internetə girişi asanlaşır, şəhərdə pulsuz Wi-Fi-lar quraşdırılır. 10-15 ildən sonra internet daha əlçatan olacaq, ən ucqar yerlərdə də insanlar rahatlıqla internetdən istifadə edə biləcəklər və bu da vikipediaynın inkişafı deməkdir. Dünyanın 299 dilində, hətta azasaylı xalqların da vikipediyaları var. Dünya üzrə vikipediyada könüllü olaraq çalışan 3800-ə yaxın idarəçi var, Azərbaycan üzrə 15 nəfərdir və onlardan biri də mənəm. Ümumi olaraq məqalə yazan, orada fəaliyyət göstərən istifadəçilərin sayı isə iki milyona yaxındır. Tədbirdə də qeyd edildi ki, 2030-cu ildə bu rəqəmin 10 milyona çatacağı proqnozlaşdırılır. Həmişə belə bir fikir var ki, vikipediyanı İsgəndəriyyə kitabxanası ilə müqayisə edirlər. Yəni insan oğlu elə bir bilik mərkəzi yaratmaq arzusundaydı ki, orada insanlar istədikləri məlumatı tapa bilsinlər. Qismən buna dünyanın 7 möcüzəsindən biri olan İsgəndəriyyə mayakının yaxınlığında yerləşən Qədim İsgəndəriyyə kitabxanasında nail olmuşdular. Amma baş verən sel fəlakətindən sonra həmin kitabxana dağıldı. Rəvayətdə də göstərilir ki, insanlar daha sonra bu uğura çata bilmədilər.

-İndi əksinə, əminliklə demək olar ki, daha böyük bilik xəzinəsinə sahib oldular, virtual aləmdə birləşə bildilər.

-Haqlısınız, vikipediya virtual da olsa bu arzunu gerçəkləşdirməyə çalışır.. Gündəlik həyatımızın tələbi elədir ki, indi hamının evində, iş yerində kompüter var və hər gün internetdən istifadə olunur. Hər gün insanlar bir neçə saytda vaxt itirir. Hiss edirik ki, bu bizə elə də çox şey qazandırmır. Ancaq vikipediyada bir məqalə yazanda, bir məqalə oxuyanda həm dünyagörüşün artır, həm də sənin yazdığın məlumatlar  həmişə orada qalır və özümüz də bilmədən bu məlumatlar minlərlə insanlara çatır. Bir dəfə şahidi oldum ki, metroda yanaşı əyləşdiyimiz bir nəfər planşetində mənim vikipediyadakı yazımı, “Amerika prezidentlərinin siyahısı” adlı məqaləmi oxuyur. Bu fakt təbii ki, adama stimul verir. O məqalə azərbaycanca yazılmasaydı başqa bir dildə oxumalı idi. “Maniya” adətən xəstəliklərlə bağlı, nədənsə asılılıq mənasında göstərilir. Yəni “vikimaniya” vikipediyaya daha çox alüdə olanların tədbiri kimi səslənir. Həm də vikipediya müxtəlif sahələrdə olan insanları bir araya toplayır.



İctimaiyyətlə əlaqələr bölməsi

(012) 537 19 82

pr.mek.az@gmail.com