MEK görkəmli Azərbaycan alimi, ictimai-siyasi xadim Vəli Axundov haqqında biobiblioqrafik göstərici hazırlayıb
  
150

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli Azərbaycan alimi Vəli Axundov haqqında biobiblioqrafik göstərici hazırlayıb.

“Vəli Yusif oğlu Axundov. Biobiblioqrafiya” adlanan vəsaitdə alimin həyat və yaradıcılığının əsas tarixləri, 1955-ci ildən 1987-ci ilədək çap olunmuş əsərləri və haqqındakı mənbələr əhatə olunub. Biblioqrafik göstərici 5 bölmədən ibarətdir. “V.Y.Axundovun həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin əsas tarixləri” və ”V.Y.Axundovun həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti haqqında qısa oçerk” bölmələri alimin həyatı, təhsili, elmi və ictimai-siyasi fəaliyyətinin qısa xronikasını əks etdirir. “Elmi əsərlərinin biobiblioqrafiyası” bölməsində V.Y.Axundovun monoqrafiya və tövsiyyələri, müxtəlif jurnallarda, toplu və qəzetlərdə Azərbaycan, rus və ingilis dillərində çap olunmuş məqalələri, o cümlədən məruzə, tezis və çıxışları yer alıb. Alimin redaktə etdiyi kitablar və redaktoru olduğu elmi jurnallar biblioqrafiyada “Redaktə etdiyi əsərlər” adlı bölmədə verilib. Alim haqqında görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin dəyərli fikirlərini ehtiva edən məqalələrin linkləri ilə “V.Y.Axundov internet resurslarında” bölməsində tanış olmaq olar.

Alimin 100 illiyinə həsr olunmuş, AMEA-nın və Səhiyyə Nazirliyinin birgə qərarı ilə hazırlanan biobiblioqrafik vəsaitin elmi redaktorları AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Namiq Əliyev və AMEA-nın müxbir üzvü, bilologiya elmləri doktoru İbrahim Əzizovdur. Kitabın tərtibçiləri Nərgiz Novruzova, Məşuqə Əlili, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin katibi Ramiz Babayev, redaktoru isə MEK –in Biblioqrafik sorğu bölməsinin rəhbəri Kəmalə Məmmədovadır.

Biblioqrafik vəsait tibb və səhiyyə sahəsində çalışan mütəxəssislər, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


İctimaiyyətlə əlaqələr bölməsi

(012) 537 19 82

pr.mek.az@gmail.com