Fondlar

Kitabxanada saxlanılan bütün sənədlərin dilinə, nəşr ilinə və tipinə, nüsxə sayına, mətn yazısına və digər xüsusiyyətlərə görə yerləşdirilməsi müvafiq fondlarda saxlanılmaqla oxuculara xidmət keyfiyyətini yaxşılaşdırmağa imkan yaradır.

Təbiətşünaslıq, sosial-iqtisadi, humanitar, texniki və siyasi sahələr üzrə universal tərkibə malik olan Mərkəzi Elmi Kitabxananın fondu 2016-cı il üçün 1. 404. 256-dən çox nüsxəni özündə cəmləşdirir.

AMEA MEK-in əsas fondu xüsusi saxlanma şəraitinə malik olan kitab saxlanclarında yerləşir. Hər mərtəbədə oxu zalları ilə yanaşı bölmələr üzrə fəaliyyət göstərən yardımçı fond lar oxucuların ixtiyarındadır. Bu yardımçı fondlar: Dövri mətbuat bölməsinin yardımçı fondu, Dissertasiya və avtoreferatlar bölməsinin yardımçı fondu, Yer elmləri bölməsinin yardımçı fondu, Qərbi Avropa və Şərq ədəbiyyatı bölməsinin yardımçı fondu, Humanitar və ictimai elmlər üzrə yardımçı fondu, Fizika - riyaziyyat bölməsinin yardımçı fondudur.


Azərbaycan ədəbiyyatı fondu - Fondda 83 636 sayda kitab var. Həmçinin, 18 418 jurnal, 1 516 qəzet, 5 940 dissertasiya, 23 167 avtoreferat və 56 374 ardı davam edən nəşrlər mövcuddur. Fondda Azərbaycan şifahi xalq ədəbiyyatı materialları ilə yanaşı klassik yazıçı və şairləri - Nizami, Nəsimi, Füzuli, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Cəfər Cabbarlı, Əliağa Vahid, Səməd Vurğun, Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında xüsusi yeri olan digər şəxsiyyətlərin ədəbi və elmi tədqiqat irsi mövcuddur.  


Bundan əlavə, fondda XIX əsrin sonları XX əsrin əvvəllərində fəaliyyət göstərmiş “Ziya”, “Qeyrət”, “Kəşkül”, “Kaspi” və digər qəzet və jurnallar saxlanılır. Həmçinin dahi Azərbaycan bəstəkarı Ü. Hacıbəyovun musiqi əsərlərinin ilk nəşrləri mövcuddur. Burada dünya və rus ədəbiyyatı inciləri də vardır. Nümunə olaraq, V. Şekspirin “Otello”, L.N.Tolstoyun “Hərb və Sülh”, A.S. Puşkinin əsərləri, o cümlədən “Kapitan qızı”nı göstərmək olar.


Rus ədəbiyyatı fondu - Fondda 679 775 nüsxə kitab var, bundan əlavə, 137 789 nüsxə jurnal, 31 nüsxə dissertasiya, 29 443 nüsxə avtoreferat və 1989 nüsxə ardı davam edən nəşrlər mövcuddur. Orta əsrlərdən başlayaraq dövrümüzə kimi müxtəlif elmi və bədii ədəbiyyatı, lüğətlər, fotosurətlər və mətbuat səlnamələrini əhatə edir. A.S.Puşkin, M.Y.Lermontov, L.N.Tolstoy, N.Nekrasov və bir sıra başqa rus klassiklərinin, o cümlədən dünya ədəbiyyatının məşhur nümayəndələrinin rus dilinə tərcümə olunmuş əsərləri, həmçinin rus dövrü mətbuatı, ensiklopedik və digər nəşrlər bu fondda saxlanılır. Rus dilində ədəbiyyat fondu XIX əsrin sonlarından başlayaraq elmin demək olar ki, bütün sahələrini əhatə edən zəngin çap məhsullarına malikdir.


Şərq ədəbiyyatı fondu - Fondda 75 216 nüsxə kitab var. Bundan əlavə, 218 nüsxə jurnal mövcuddur. Fond türk, fars və ərəbcə yazılmış bir çox qaynaqları özündə birləşdirir. Uzun illər Türkiyə, İran, İraq, Misir, Suriya, Səudiyyə Ərəbistan Krallığı, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı ABŞ və bir çox Qərb dövlətlərinin kitabxanaları, aparıcı universitetləri, elmi təşkilatlar və mədəniyyət mərkəzləri, tanınmış alimləri ilə sıx əlaqə saxlanaraq və qarşılıqlı kitab mübadiləsi nəticəsində fondun əhatə dairəsi və informasiya resursları daha da genişləndirilmişdir.


Fondda olan XX əsrin məşhur şərqşünas alimlərinin şəxsi kitab kolleksiyalarına xüsusi diqqət yetirmək lazımdır.


Georq Hazainin şəxsi kitabxanasının türkologiyaya aid bölümünün çox qiymətli 427 ədəd kitabı, 847 sayda jurnalları və şəxsi arxiv materialları fondda saxlanılır.


Fondda Şərqşünas-nizamişünas, SSRİ EA müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı Y.E. Bertelsin 4 384, Professor, dünya şöhrətli şərqşünas Y.A. Belyayevin 233 ədəbiyyat, şərqşünas alim B.N.Zaxoderin 2 115 kitabı, diplomat Zahid Hüseynzadənin 478 və Maestro Niyazinin 62 sayda hədiyyə olunmuş kitab kolleksiyaları saxlanılır.


Şəxsi kitab kolleksiyaları ilə yanaşı, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani, Nəsirəddin Tusi, İbn Sina, İbn Əl-Əsir, Yaqut Həməvi, Mahmud Kaşkari, Ələkbər Dehxoda, Namik Kamal, Fuad Köprülüzadə və digər yüzlərlə tarixçilərin, səyyah və şairlərin, filosofların qiymətli, zəngin, bədii və elmi əsərlərindən ibarət olan kitabları qorunub oxucuların istifadəsinə verilməkdədir.


 Şərq ədəbiyyatı fondunda 1 589 nüsxə ərəb qrafikası ilə yazılmış, ancaq Azərbaycan dilində olan nadir kitab fondu xüsusi diqqətə layiqdir.

Qərbi Avropa ədəbiyyatı fondu - 60 111 nüsxə kitab, 154 435 jurnal fonduna malikdir. Fond Qərbi Avropa dövlətlərinin iri kitabxanaları, təşkilatları, universitetləri və alim, mütəxissislərlə beynəlxalq kitab mübadiləsini həyata keçirir. Qərbi Avropa ölkələrində nəşr edilmiş ədəbiyyatla fondu komplektləşdirir. Fondun kitab bölməsində yeni daxil olan ədəbiyyatla yanaşı nadir və çap tarixi XVI –XVII əsrlərə aid olan kitab nüsxələri də saxlanılır. Nümunə olaraq 1683-cü ildə nəşr edilmiş “Histoire des trois denniers” çoxcildli kitabı göstərmək olar. Kantın və Volterin külliyyatları, Yunanıstan, Roma, Vizantiya antik ədəbiyyatı müəlliflərinin, Qərbi Avropa klassiklərinin əsərləri saxlanılır. İncəsənət ocaqlarında mühafizə olunan əsərlərin çoxcildli reproduksiyaları (XIX əsrin fransız və alman nəşrləri) böyük əhəmiyyət kəsb edir. Azərbaycan ədəbiyyat nümunələrinin xarici dillərə tərcümə olunmuş kitabları da saxlanmaqdadır. Nizaminin “Xəmsə”si - “The Poems of Nizami” London, 1928, “Chosrov and Schirin” Zurich: 1963, “Leila and Medschnun” Zurich, 1963,  M.Ş.Vazehin şerlər kitabı, tarixçi və dövlət xadimi Fəzlullah Rəşidəddinin "Oguz-chan" kitabı, “Dədə Qorqud”, “Şahnamə”, M. Füzuli “Az iszlam szent martirjainak rozsakertje”, M.F. Axundovun “Comedies” ingilis dilində və "Komediak es proza" macar dilində, C.Məmmədquluzadənin macarca “Valogatott novellak” kitabı, Ə.Haqverdiyev, Anar və digər dünyaca məşhur Azərbaycan yazıçılarının, elə cə də Azərbaycan xalqının tarixini, ənənəsini əks etdirən çox maraqlı kitabların polyak və macar dilinə tərcümələri vardır.


Nadir kitab fondu - Həcmi 14 754 nüsxə nəşrdir. Nadir kitab fondu çap ilindən, yerindən və dilindən asılı olmayaraq nadir kitab meyarına uyğun olan, unikal, miniatür nəşrləri özündə birləşdirir. Azərbaycanın, Qafqazın, eləcə də Rusiyanın mədəniyyəti və tarixi haqqında maraqlı, qiymətli mənbələrlə zəngindir. Fondun ən maraqlı nəşrlərindən biri çap tarixi XIX əsrə aid “Holy Carpet of the Mosque at Ardebil” adlı kitabdır. Kitab nəinki nəşr tarixinə həmçinin, ölçüsünə görə də digərlərindən fərqlənir. Belə ki, müəllifi Edvard Stebbing olan bu kitabın uzunluğu 68, eni isə 52 sm-dir.


 Numizmat alim Y.A.Paxomovun şəxsi kolleksiyası diqqətə layiqdir. Kolleksiyanın içində Azərbaycan arxeologiyasına, etnoqrafiyasına, numizmatikasına aid elmi ədəbiyyat mövcuddur.


XIII-XIV əsrlər Şərqə səyahət etmiş italiyalı səyyah Marko Polonun «Marko Polonun kitabı» adı altında nəşr olunmuş kitabının tərcüməsi vardır. Kitabda səyyah Bakı neftinin yaxın Şərq ölkələrinə aparılmasından söz açmış, habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır. A.Nikitinin «Хожение за три моря», Aleksandr Dümanın “Qafqaz səfəri” kitablarında səyahət təssüratları vardır. Alman alimi, səyyah Adam Olearinin «Описание путешествия Голштинского посольства в Московию и Персию» adlı kitabında səyahəti zamanı qələmə aldığı hadisələrin, Rusiya, Azərbaycan və İran haqqında detallı təsvirləri, həmçinin şəkillər yer alır. Alim burada Şamaxıda əhalinin Novruzu qarşılamasının şahidi olur və bu barədə öz təəssüratlarını yazır.


Fondda miniatür nəşrlər kolleksiyası da var. Həcmi 640 nüsxədən çoxdur.


Nadir kitab fondu nəşr tarixi XIX-XX əsrin əvvəllərini əhatə edən ingilis, alman, fransız və digər dillərdə olan çoxcildli ensiklopediyalarla zəngindir. “Encyclopaedia of Americana”, “Encyclopaedia of Britannica”, “Alpha encyclopaedia”, “La grande encyclopaedigue universelle en couleure” və s. universal ensiklopediyalar, “Encyclopaedia of İslam”, “Encyclopaedia İranica” və s. ictimai elmlərə aid ensiklopediyalar mövcuddur.


Fond region əhəmiyyətli və vaxtilə qadağan olunmuş azərbaycan dilində və poliqrafik nəşrləri, cildlənmə tipinə görə maraqlı olan kitab nümunələri ilə də zəngindir.


            Biblioqrafik mənbələr fondunda 9062 ədəd mətbuat səlnaməsi mühafizə olunur.


Fondda Azərbaycan dilində çıxan və nəşr ili 1929-cu ilə aid olan “Kommunist” qəzeti, “Бакинские губернские ведомости”, nəşr ili 1894-1916-cı illər arasında olan "Бакинский торгово-промышленный листок", nəşr ili 1888-1900-cü illərə aid gündəlik qəzet, "Бакинские отголоски"-1907 ci il, "Бакинский биржевой листок"-1910-cu il, gündəlik axşam burjuaz-liberal qəzet olan "Бакинский день", nəşr ili 1907-1908-ci illəri əhatə edən nömrələri saxlanılır. Nəşr ili 1910-1916-cı illər, "Кавказская копейка" (zərif əl işləri üzrə peşəkar qadın kursları, V.V. Antipova), 1922-ci ildən nəşr olunan sayından günümüzə kimi davam edən edən “Бакинский рабочий” ictimai-siyasi qəzet, 1928-ci ildən nəşrə başlayan “Вышка” ictimai-siyasi qəzet və s. dövrü mətbuat fondda mövcuddur.


Mübadilə Fondu - Həcmi 50 571 nüsxədir. Fond ABŞ, bir çox Avropa ölkələri, o cümlədən Türkiyə, İran, Səudiyyə Ərəbistanı, MDB ölkələrinin kitabxanaları, Akademiyaları, elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, nəşriyyatları ilə əlaqə saxlayaraq ədəbiyyat və informasiya mübadiləsi aparır.


    Kitabxana - informasiya sahəsi üzrə ixtisaslaşmış fondda 4000-a yaxın sənəd mühafizə olunur.

           Depozitar adlı fondda isə 3000 nüsxə sənəd mövcuddur.

           Şəxsi kolleksiyalar fondu - Həcmi 26 035 çap məhsulundan ibarətdir. Fonda Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Belyayev, Zahid Hüseynzadə, Georq Hazai, Rodob İvanov, Poxomov,  İmam Mustafayev, Mirzə İbrahimov, Mikayıl Useynov, Xudu Məmmədov, Rasim Kazımov, Abbas Zamanov kimi tanınmış ziyalıların, o cümlədən, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti, AMEA Naxçıvan bölməsi, AMEA Milli Tarix Muzeyinin kolleksiyaları var.