MƏRKƏZİ ELMİ KİTABXANA GƏLƏCƏKDƏ

Kitabxanalarda müasir texnologiyaların tətbiqi klassik kitabxana xidmət modelinin təkmilləşməsinə və yeni mərhələyə keçməsinə səbəb olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (AMEA MEK) da keçmişlə bugünü özündə cəmləşdirərək gələcək fəaliyyətinin daha da zənginləşməsi istiqamətində çalışır. Müasir yanaşma və  geniş informasiya axınının elmi inkişafa yönəldilməsi, alimlərin mümkün qədər geniş və mütərəqqi  informasiya resurslarına çıxış imkanının təmin edilməsi məqsədilə MEK tərəfindən bir sıra yeniliklər həyata keçirilməkdədir. 


Elektron kitabxana sisteminə keçid

Müasir kitabxana resurslarını elektron kataloqsuz təsəvvür etmək mümkün deyil. Hazırda, MEK-də həm klassik, həm də elektron kataloqdan istifadə olunur. Bildiyimiz kimi, dünya təcrübəsində hazırda bir neçə qeydiyyat sistemlərindən istifadə olunur. Məsələn, İRBİS, MARC21, ALEV və s. sistemlərdə aparılmış qeydiyyatların digər sistemə keçidi xeyli texniki çətinliyin yaranmasına səbəb olur və resursların sistemləşdirilməsi, axtarış və yeni məlumatların daxil edilməsi prosesini mürəkkəbləşdirir.  MEK-in işçi heyəti tərəfindən hazırlanmış Vahid Qeydiyyat Sistemi (VQS) isə bu problemləri həll etmək imkanı yaradıb. Belə ki, MEK-də tətbiq edilən VQS kitabxanaya məxsus informasiya resurslarını həm Azərbaycan, həm də beynəlxalq axtarış sistemləri tərəfindən də rahat tapıla biləcək formatda  qeydiyyata alınmasını təmin edir. Hazırda, AMEA MEK-ə məxsus informasiya resursları intensiv şəkildə VQS sistemində qeydiyyata alınır ki, bu da e-kataloqun zənginləşməsinə xidmət edir və gələcəkdə elektron kataloq oxuculara kitabxana resurslarında məsafədən  istifadə etməyə şərait yaradacaq. Bunun üçün oxucu kartına sahib olan istənilən şəxs, kitabxana saytına daxil olacaq və resursların arasından ona lazım olan ədəbiyyatı seçərək, online rejimdə onlardan istifadə edə biləcək.


AMEA Vahid E – Kataloq Sisteminin tətbiqi

AMEA MEK tərəfindən irəli sürülmüş təşəbbüslərdən biri də AMEA çərçivəsində fəaliyyət göstərən institut və müəssisələrin Vahid E – Kataloqunun yaradılmasıdır.  Başlıca məqsədi AMEA çərçivəsində aparılan elmi tədqiqat işləri üçün tələb olunan informasiya resursları ilə tez və dolğun şəkildə təmin etmək, alimlərin yaradıcılıq  fəaliyyətini dəstəkləmək və ən müasir elmi məlumatlara çıxış imkanlarını mümkün qədər tez və operativ şəkildə təmin etməkdir.   MEK-in həyata keçirəcəyi vahid elektron kataloq sistemi AMEA-da toplanan elektron resursların vahid formatda sistemləşdirilməsinə və mövcud elmi informasiyanın ikitərəfli şəkildə asan mübadiləsinə  imkan verəcəkdir. Lakin bununla kifayətlənməyərək ölkədəki bütün Ali təhsil ocaqlarının, region və bütövlükdə Azərbaycanın digər iri kitabxanalarına inteqrasiya edilməsi və onların vahid sistemdə birləşdirilməsi nəzərdə tutulmuşdur. Beləliklə, nəinki paytaxt, eləcə də bölgələrdə yaşayan oxucuların informasiya təminatının ödənilməsi, onların bu məlumat bazalarından istifadəsi və virtual xidmətin təşkili elmi kommunikasiyaların inkişafına təkan verəcəkdir.


Elektron informasiya resursları

Müasir elmi tərəqqi alim və araşdırmaçıların informasiya resurslarına çıxış imkanlarının mümkün qədər dolğun və sürətli həyata keçirilməsini tələb edir. Bu baxımdan elektron kitabların, jurnalların və məqalə bazalarının istifadəsi geniş şəkil almaqdadır. Elektron formata keçirilmiş informasiya vahidlərinin bir sıra üstünlükləri var:


-        elektron formata keçirilmiş bir kitabdan eyni anda bir neçə nəfər istifadə edə bilir;

-        bu informasiya vahidinə dünyanın istənilən nöqtəsindən internet vasitəsi ilə çıxış mümkündür;

-       nadir nüsxələr, qədim kitab və əlyazma nümünələri araşdırmaçılar üçün məhdudiyyət olmadan istifadə imkanını verir, eyni zamanda, bu qəbildən olan mədəniyyət incilərinin  gələcək nəsillərə olduğu kimi ötürülməsinə zəmin yaradır;


Hazırda, MEK daxilində mövcud olan ədəbiyyatların elektron formata keçirmək üzərində intensiv iş aparılır. Bu prosesə ilk olaraq AMEA MEK-də saxlanılan Nadir Kitab Fondundan başlanılıb. Son bir neçə ay ərzində MEK tərəfindən 2 970 ədəd çap şəklində olan informasiya vahidinin elektron formata keçirilməsi, müvafiq texniki işlənməsi və istifadəçilərə təqdimatı həyata keçirilib. Elektron kataloqun əsas məqsədi oxucuya surətli məlumatı təmin etməkdir. Bu proses davam edir və irəlidə kitabxananın digər fondlarında saxlanılan bütün çap məhsullarının elektron kataloqu formalaşdırılacaqdır.


Elektron elmi-intellektual bazanın yaradılması

Elektron elmi-intellektual baza tamamilə yeni bir yanaşmadır. Azərbaycanda elmi tədqiqat işlərinin vahid bir bazada formalaşdırılması, sistemləşdirilməsi olduqca aktual bir məsələdir. Azərbaycanda həyata keçirilən və ya azərbaycanlı alimlərin elmi yaradıcılıq fəaliyyəti çərçivəsində ərsəyə gəlmiş tədqiqat işləri, monoqrafiya, avtoreferatlar, dissertasiya işləri, məqalələr, elmi konfranslardakı  çıxışlar və s. kimi elmi – tədqiqat işlərinin elektron formata keçirilməsi və sistemləşdirilmiş qaydada bazaya daxil edilməsi məqsədini daşıyır.

Layihə sayəsində tədqiqatlarda baş verə biləcək təkrarçılığın aradan qaldırılmasına, yeni araşdırmaların həyata keçirilməsinə təkan verilmə kimi üstünlüklər yaranacaqdır.


Milli Rəqəmsal Yaddaş (MRY)  layihəsi

Azərbaycan haqqında sistemləşdirilmiş və mərkəzləşdirilmiş elektron məlumat bazası olan "Milli Rəqəmsal  Yaddaş" (MRY) yaradılmaqdadır. Dövlətin rəsmi qurumlarına məxsus sənədlər, şəxsi arxivlər, mühüm tarixi mənbələr (incəsənət nümunələri, əlyazmalar, eksponatlar) bu bazaya daxil edilərək Azərbaycan və dünya internet istifadəçilərinin ixtiyarına veriləcəkdir. Bu layihənin əsas məqsədi Azərbaycan xalqına məxsus elmi və mədəni irsi rəqəmsallaşdıraraq, olduğu kimi  gələcək nəsillərə ötürməkdir. Bu, həm Azərbaycan, həm də region üzrə böyük bir layihə olacaq və ölkəmizin tarixi həqiqətlərini bütün dünyaya çatdırılmasında müstəsna bir əhəmiyyət kəsb edəcəkdir.

          Layihəyə artıq start verilib. MEK-in bir qrup işçiləri tərəfindən xüsusi format hazırlanıb və onun əsasında informasiyanın toplanması prosesinə başlanılıb. MRY çərçivəsində toplanılıb sistemləşdirilən məlumatlar gələcəkdə beynəlxalq səviyyədə istifadə olunan bütün axtarış sistemləri tərəfindən rahat  tapıla biləcək.


Vikipediyaya dair təlim

         Mərkəzi Elmi kitabxana eyni zamanda bir təlim mərkəzi kimi fəaliyyətini davam etdirir. Hazırda, bir neçə istiqamətdə təlimlər paketinə başlanılıb və gələcəkdə bu yöndə daha irimiqyaslı işlərin görülməsi planlaşdırılır.

 “Vikipediya” hazırda kitabxana işçiləri tərəfindən keçirilən təlim paketlərindən biridir. "Vikipediya" müxtəlif dillərdə, həmçinin Azərbaycan dilində virtual, açıq ensiklopedik - məlumat bazasıdır. MEK-in təşəbbüsü ilə elektron elmi-intellektual bazanın yaradılmasının aktual olduğu bir dönəmdə Vikipediyadan istifadə qaydalarının mənimsənilməsi və elmin bütün sahələrinə aid məqalələrin, məlumatların bu bazada yerləşdirilməsi olduqca önəm kəsb edir.

MEK işçi heyəti üçün start götürən bu təlim artıq AMEA-nın digər İnstitut və müəssisələri üçün davam etdirilərək, Bakının iri ali təhsil ocaqlarına da yönləndiriləcəkdir.