Zallar

Kitabxananın hər mərtəbəsində olmaq şərtilə, ümumilikdə 14 oxu zalı var. Hər oxu zalının özünüqeydiyyat (selfchek) avadanlığı, skaneri, açıq kitab fondu, elektron və ənənəvi kataloqa çıxışı və istirahət otağı var. Oxu zalları eyni zamanda 1000-dən çox oxucuya xidmət edə bilir.

Açıq kitab fondları AMEA-nın bölmələrinə uyğun formalaşdırılır. Burada ümumilikdə 500 min nüsxənin saxlanılması mümkündür.


Oxu zalları həcminə görə fərqlənir: 10 nəfərlik oxu zalı (görmə qabliyyəti məhdud olan insanlar üçün), 50 nəfərlik – Dissertasiya və Akademiklərin zalları və 160 nəfərlik ümumi oxu zalları. 


Akademiklərin zalı. Akademiklərin zalı Elmlər Akademiyasının həqiqi üzvü olan alimlərə xüsusi iş şəraiti yaradır, zalda özünə yer tapmış geniş çeşidli ədəbiyyata və beynəlxalq informasiya məkanına sürətli çıxış imkanı verir. Eyni zamanda, elmin ali səviyyədə sahələrarası əlaqələndirilməsinə və gənc alimlərə bu sıradan olan əməkdaşlıq nümunəsini nümayiş etdirir. Bu zal simsiz
internet, geniş və işıqlı iş masaları, personal bilgisayar və istirahət otağı ilə təmin olunmuşdur. Mərkəzin ilk kolleksiyası məhz bu zala ianələr hesabına toplanılıb. Xüsusi nəşrlər kimi, H.Əliyevin “Müstəqillik yollarında” (1997) 4 cild və “Müstəqilliyimiz əbədidir” (2013) 2 cild, İ.Əliyevin “İnkişaf məqsədimizdir” (2013) 14 cild, “Azərbaycan Milli Ensiklopediyası” (2009) 2 cild, və xüsusi buraxılışı (2009) 4 cild, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2004) 2 cild, “Azərbaycan Ensiklopediyası” (2007) Azərbaycan və rus dillərində, “Qurani Kərim” – Elmir Quliyevin redaktəsi ilə (2006) rus dilində, Vasim Məmmədəliyev və Ziya Bunyadovun şərhləri ilə (2012), “Quran” (ərəbcə), “İslam Peyğəmbəri” (2013) 4 cild, “Üzeyir dünyası” seriyasında klavir, partitura, ensiklopediya, “Ömürnamə”, Ü. Hacıbəylinin bədii və publisistik əsərləri, “Qara Qarayev”in həyat və yaradıcılığı, Azərbaycan təsviri sənət ustalarına həsr olunmuş “Sərvət” 36 cildlik albomlar silsiləsi, Rəna Əfəndizadənin “Azərbaycan memarlığı” (2011) 3 dildə, “Bakının memarlıq ensiklopediyası” (2013) 3 dildə, Abşeron memarlığı (2013) 3 dildə, “Azərbaycan ərazisində ən qədim tayfa ittifaqları və dövlətlərin inşaat sənəti” (2013) 3 dildə, Azərbaycan Respublikası prezidentinin 2004 və 2007-ci illərin sərəncamları ilə təsdiq edilmiş siyahıya əsasən Azərbaycan dilində latın qrafikası ilə çap olunmuş əsərlər – Nobel mükafatı laureatlarının seçilmiş bədii əsərləri və müsahibələri, dünya ədəbiyyatı, Azərbaycanın folklor, klassik və müasir ədəbiyyatı, lüğətlər; AMEA Tarix institutunun “Azərbaycan tarixi” (2008 və 2011), Broxqauz – Efron ensiklopediyası (1890 və 1994) 82 cild, «Великие музеи мира» seriyası (2012) 16 cild, «Всемирная история» (1955 və 1999)  13 сild və Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən hədiyyə edilmiş kitabları qeyd etmək olar.


Dissertasiya zalı. Dissertasiya zalının açıq kitab fondunda dissertasiya və avtoreferatlar istifadə üçün təqdim olunur. Bu zalda elmi işlərin və dissertasiyaların (mövzusu qapalı deyilsə) ictimaiyyətə hesabat formatında müzakirəsi həyata keçirilir və innovativ təkliflərin toplanılıb AMEA-nın innovasiya şöbəsinə təqdim olunması nəzərdə tutulur.


“Zəkalı” müzakirə otağı müasir avadanlıqla təchiz olunub. VHV ekranı fasilitator vasitəsilə eyni zamanda 20 ekspertin təklif, düzəliş, dizayn və s. fikirlərini cəmləyib əks etdirə bilir, sürətli müzakirə və rəylərin hamısının “eşidilməsi” üçün imkanlar yaradır. İdarə heyəti üzvlərinin, ekspertlərin, dizaynerlərin, işçi qrupların müzakirələri zamanı istifadə olunur.


Konfrans zalında ölkə və beynəlxalq miqyasda tədbirlər, elm xadimləri, yazıçılar ilə görüşlər, yubileylər, konfranslar, elmi araşdırmaların təqdimatları xüsusi formatda həyata keçirilir.


Kitabxananın yeraltı mərtəbəsindəki kitab saxlancları 3.5 mln kitab, 1.030 xəritə, 21.000 qutu film, 120.000 certyoj, audio və video yazılar üçün nəzərdə tutulub. Saxlanc yanğına davamlı döşəmə, yanğın əleyhinə xüsusi qaz qurğuları,  kitabların qorunması üçün optimal rütubət və temperatur rejimi təmin edən sistem ilə təchiz olunub.


Sistemləşdirmə otağı. Mərkəzə daxil olan bütün növ məlumatlar - ədəbiyyat, arxiv sənədləri, fotoşəkillər, əlyazmalar və b. – konveyer üsulu ilə emal olunub qeydə alınır, rəqəmsallaşdırılıb elektron yaddaşa və elektron kataloqa salınıb arxivləşdirilir. Ehtiyac yarandıqda sürətli və yüksək keyfiyyətli avadanlıqlarda çapa verilir.


Görmə qabiliyyəti zəif olan insanlar üçün oxu zalı audiodisklər, Brayl şrifti ilə yığılmış kitablar, mətnin səsləndirilməsi üçün xüsusi proqramlar və avadanlıqlar ilə komplektləşdirilir.


Kitabxana kiçik konfrans zalları, yeni nəşrlər zalı, sərgi zalı, oxucu və personalın istirahəti üçün internet kafe ilə təchiz olunub. 


MEK-in yeni binasında mövzuca və  formaca rəngarəng, müxtəlif səpkili silsilə tədbirlər – elmi və beynəlxalq konfranslar, simpoziumlar, dəyirmi masalar, görüşlər, yubileylər, festivallar – həyata keçirilir.


MEK-də 157 nəfər əməkdaş çalışır. Onlardan iki nəfəri fəlsəfə doktoru, 1 nəfəri isə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisidir.