Tarixi

“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” (ATTC) tərəfindən 1923-cü il 4 noyabrda - Biblioqrafiya Bürosunun yaradılması, 18 noyabrda isə ATTC-nin kitabxanasının təşkil olunması haqqında qərarlar qəbul edildi. Azərbaycanın möhtəşəm və zəngin kitabxanalarından biri olan AMEA Mərkəzi Elmi Kitabxanası elmi-sahə kitabxanalarının ilk rüşeymi kimi həmin vaxtdan – 1923-cü ilin noyabrından – müasir dövrümüzə qədər müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir. Həmin ildən etibarən kitabxana fondu təşkil olunmağa başlanmışdır. O zaman kitabxananın fondu 430 nüsxə kitab və 200 qiymətli əlyazmalardan ibarət idi. İlkin mərhələdə kitabxananın fondunun təşkilində Azərbaycan ziyalılarının çox böyük rolu olmuşdur. Onlar öz şəxsi kitabxanalarından kitabxanaya kitablar vermiş, bundan əlavə rayonlarda şərq dilli əlyazma ədəbiyyatlarını toplayıb kitabxanaya təhvil vermişlər.


1925-ci ildə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin kitabxanası ilə Biblioqrafik Büronun işində təkrarçılıq yarandığı üçün 1925-ci ilin avqustunda Cəmiyyət kitabxanası ilə Biblioqrafik Büro birləşdirilərək “Kitabxana-Biblioqrafiya Bürosu” yaradıldı və Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Hənəfi Zeynallı (1896-1938) büronun sədri seçildi.

1926-cı ildə MEK-in ilk vaxtlarda gündəlik oxucu davamiyyəti 70 nəfərə çatan ilk oxu zalı yaradılmışdır.


SSRİ-nin və xarici dövlətlərin elmi təşkilatları ilə çap məhsullarının mübadiləsini təşkil etmək məqsədi ilə 1934-cü ildə MEK-də xüsusi mübadilə fondu yaradılmış, elə həmin ildə 110, 1935-ci ildə isə artıq 150 elmi idarə ilə mübadilə əməliyyatları həyata keçirilmişdir. Daha sonra MEK 1995-ci ildə 57 ölkənin 660 təşkilatı, 2000-ci ildə 52 ölkənin 548 təşkilatı, 2005-ci ildə isə 63-ə yaxın ölkənin 610 təşkilatı ilə mübadilə aparmışdır.


1967-ci ildə MEK Akademiya şəhərciyində yerləşən AMEA-nın əsas binasına köçmüşdür. 1972-ci ildə AMEA Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır və MEK həmin ildən AMEA kitabxana şəbəkəsinə metodiki rəhbərlik edir.



Kitabxananın adı yaranan gündən aşağıdakı kimi dəyişmişdir:


1930-cu illər – Kitabxana və Biblioqrafiya Komissiyası, Elmi kitabxana, Kitabxana sektoru;


1940 – 1945-ci illər – Əsaslı Kitabxana;


1945 – 1950-ci illər – Mərkəzi Kitabxana;


1960 – 1980-ci illər – Əsaslı Kitabxana.


Hazırda - Mərkəzi Elmi Kitabxana.